Dövlət İmtahan Mərkəzi tərəfindən verilən məlumata əsasən, 2023-cü ildə ümumi orta (9-illik) təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənlərindən istifadəsi planlaşdırılan yeni imtahan modelinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə birlikdə müzakirəsi aparılıb. Modelin strukturunun fənn kurikulumunun müəyyən etdiyi məzmun xətlərinə aid alt standartların tələblərinə uyğun olması qeyd olunaraq bilik və bacarıqların qiymətləndirilməsində yeni yanaşma kimi onun tətbiqi məqsədəmüvafiq hesab edilib. Müzakirə nəticəsində yeni imtahan modelinin ümumtəhsil müəssisələrində aprobasiyadan keçirilməsi, ictimaiyyətə təqdim edilməsi, onlayn sınaq imtahanının təşkili və 9-cu siniflər üçün DİM tərəfindən hazırlanan “Qiymətləndirmə kitabçası”nda yeni modelə uyğun tapşırıq nümunələrinin verilməsi qərara alınıb.
Qeyd edilənlərin həyata keçirilməsi üçün uzun müddət tələb olunduğundan qarşılıqlı razılaşma əsasında yeni imtahan modelinin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq edilməsi nəzərdə tutulur.
Model haqqında aşağıda məlumat veririk:
Buraxılış imtahanlarında, yeni təhsil proqramları üzrə təhsilalanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində fənn kurikulumunun müəyyən etdiyi 4 (“Dinləyib-anlama”, “Danışma”, “Oxu” və “Yazı”) məzmun xəttinə aid alt standartların yeni model test tapşırıqları ilə yoxlanılmasının mərhələli şəkildə həyata keçirilməsi davam edir. Yeni model test tapşırıqları hazırlanarkən yoxlama-ölçmə materiallarının dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmasına (orta təhsil səviyyəsində A2, tam orta təhsil səviyyəsində isə B1) xüsusi diqqət yetirilir.
2023-cü ildə ümumi (9 illik) orta təhsil səviyyəsində xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək. Bu hissədə şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur.
Yeni modelə əsasən dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.
Cari ilin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsində buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam (11 illik) orta təhsil səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması nəzərdə tutulur.