Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs

Magistraturaya qəbul imtahanının ilk mərhələsi fevral ayında keçirilə bilər

Elçin Əfəndi bildirib ki, ötən qəbulun I mərhələsi 2022-ci il fevral ayının 20-də keçirilmişdi. II mərhələ qəbul isə may ayının 29-da keçirildi. Gələn il də eyni qaydada DİM 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbulun I mərhələsini fevral ayında, II mərhələni isə may ayında keçirə bilər.

İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu yanvarın sonu və ya fevralın əvvəlinə təsadüf edə bilər.

Ərizə qəbulu internet vasitəsi ilə aparılır. Bakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə təqdim edə bilərlər.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1 ci nömrəsini nəşr edib. Burada qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib.